YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 125 milyon dollar olub

2015-ci ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 125 milyon ABŞ dolları təşkil edib.

Bu barədə iyulun 13-də Bakıda keçirilən Azərbaycan-İran işgüzar görüşündəki çıxışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.

İki ölkə arasındakı əlaqələrin həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə yüksələn xətlə davam etdiyini qeyd edən Y.Abdullayev bu cür tədbirlərin qonşu dövlətlər, eləcə də iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını deyib.

İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri Mahmudrza Şərifixah deyib ki, 515 şirkət, 12 iqtisadi təşkilat təmsil etdiyi qurumun üzvüdür.

Azərbaycan ilə İran arasında münasibətlərin dərin tarixi və mədəni köklərə söykəndiyini deyən M.Şərifixah vurğulayıb ki, bugünkü tədbir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşəcəyinə öz töhfəsini verəcək. İran Azərbaycanda ticarət, kənd təsərrüfatı, qida sənayesi, tekstil sahələrində əməkdaşlıqda maraqlıdır.

AZPROMO-nun investisiyaların təşviqi departamentinin direktoru Zaur Qardaşov Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimatla çıxış edib.

Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib. İşgüzar görüşlərdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, turizm, tekstil, tikinti və digər sahələri təmsil edən aparıcı müəssisələrin nümayəndələrindən ibarət 70-dək iş adamı iştirak edib.