YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçirilir

Oktyabrın 18-də Bakıda Azərbaycan hökuməti, BMT Avropa İqtisadi Komissiyası (AİK) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu işə başlayıb.

Forumda BMT-nin 70 üzv dövlətindən 400-dən çox hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar və alimlər iştirak edirlər.

ABOEMDA-nın sədri Akim Bədəlov forumun ölkəmiz üçün əlamətdar gündə keçirildiyini, məhz bu gün Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin qeyd edildiyini vurğulayıb. Bildirib ki, Bakı forumunda dünyanı narahat edən əsas məsələ - iqlim dəyişikliyi və ölkələrin, eləcə də müxtəlif cəmiyyətlərin bu sahədə göstərə biləcəkləri səylər müzakirə olunacaq.

Qazaxıstanın enerji nazirinin müavini Maqzum Mirzaqalıyev iqlim dəyişiklikləri, qlobal problemlərin həlli və qlobal çətinliklərlə mübarizə baxımından Bakıda keçirilən VII Forumun mühüm əhəmiyyət kəsb etdiyini deyib. Nazir müavini dayanıqlı və yaşıl enerjinin inkişafının, eləcə də karbon emissiyasının azaldılmasının ölkəsi üçün önəm daşıdığını bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai davamlı inkişaf hədəflərinə çatmaq müxtəlif ölkələrin səylər göstərdiyini vurğulayıb. “Dayanıqlı inkişaf olmasa, dayanıqlı enerji də olmayacaq. Bunun üçün də bütün ölkələr bu sahədə üzərinə düşən vəzifələri icra etməlidirlər”, - deyə Q.İsakzai qeyd edib.

O, daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə Azərbaycanda yeni yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əhəmiyyətindən danışıb, BMT-nin həmin Şuraya dəstəyinin daimi olacağını vurğulayıb.

BMT AİK-in icra katibinin müavini Andrey Vasilyev isə karbon intensivliyinin azaldılması üçün alternativ və bərpaolunan enerji mənbələrinin, o cümlədən də enerji səmərəliliyinin rolunun artırılmasının qlobal əhəmiyyət daşıdığını deyib. Bildirib ki, BMT AİK bu sahədə əsasən inkişaf etməkdə olan ölkələrə öz dəstəyini göstərir.

Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, “Paris İqlim Sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpaolunan enerji mənbələrinin və enerji səmərəliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.