YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Azərbaycan multikulturalizminin əsas ideyası heç bir fərqliliyə baxmadan bir-birini sevmək və mərhəmət göstərməkdir

«Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə, əlbəttə ki, bu fenomenə çox böyük siyasi qiymət verdi. Eyni zamanda, Azərbaycan cəmiyyətini multikulturalizm ideyaları ətrafında müzakirələr aparmağa, bir araya gəlib görüşməyə, fikir mübadiləsi aparmağa və daha dəqiq orientlərə çıxmağa bir növ daxilən səfərbər etmiş oldu». Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, təqvim ili sona çatandan sonra cəmiyyətdə həm bu il, həm də bundan əvvəlki illər, hətta əvvəlki əsrlərdən bəri intuitiv şəkildə toplanan, bəlkə özümüzdən də xəbərsiz canımıza yığılan o multikultural və tolerantlıq enerjisi gələcəkdə də davam edəcək. Onun sözlərinə görə, görəcəyimiz işlər, həyata keçirəcəyimiz önəmli layihələr gələn illərdə də davam edəcək.

«Yeni-yeni “Azərbaycan multikulturalizmi” Elm-Tədris mərkəzlərinin açılması, bölgələrdə gənclərin məşğulluğunun təmin edilməsi və multikulturalizm ideyalarının daha dərindən aşılanması məqsədilə peşəyönümlü yaradıcılıq fakültələrinin təşkili nəzərdə tutulur. Bütün bunların həyata keçirilməsində məqsəd sevgi, mərhəmət, şəfqət hissləri üzərində bərqərar olan Azərbaycan multikulturalizminin ali dəyərlərinin işığında cəmiyyətdə münasibətlərin daha gözəl səviyyəyə çatdırılması, gənclərin müəyyən peşələrə yiyələnib işlə təmin olunmasıdır. Bu multikultural dəyərlər əsrlərdən bəri Azərbaycan ədiblərinin yaradıcılığında öz əksini tapıb. Multikulturalizm ideyaları humanitar təmayüllü ixtisaslarla yanaşı, daha çox texniki, dəqiq elmlər sahəsində təhsil alan, peşə öyrənən gənclər arasında təbliğ olunmalıdır. Azərbaycan multikulturalizminin əsas ideyası heç bir fərqliliyə baxmadan bir-birini sevmək və mərhəmət göstərməkdir. Məhz bunun sayəsində cəmiyyətin əmin-amanlığı və rifahı təmin oluna bilər»- deyə, K.Abdullayev vurğulayıb.