YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ölkədə əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 6 faizə qədər yüksəlib

«Dövlətimiz əlilliyi olan insanlara daim qayğı ilə yanaşır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son 13 ildə dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Onun sözlərinə göə, bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub.

«Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 15 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var. Nazirlər Kabinetinin qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobılda qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilib. Respublikada əlillərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bunun müsbət nəticəsi kimi, ölkədə əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 6 faizə qədər yüksəlib. Xüsusən son bir ildə görülən işlərin səmərəli nəticəsi olaraq əlilliyi olan şəxslərin tam reabilitasiyası göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib, təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı ümumən 5251 nəfər azalıb»- deyə, komitə sədri vurğulayıb.