YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Həyata keçirilən islahatlar Azərbaycanın daha da yüksək inkişafına gətirib çıxaracaq

«Bir çox məsələlər baxımından 2016-cı il bizim üçün çox əlamətdar oldu. Əslində, 2016-cı il bütövlükdə 2001-ci ildən sonra dünya miqyasında, qlobal müstəvidə, beynəlxalq münasibətlər sistemində baş verən 15 illik hadisələrin yekunu kimi yadda qaldı. Bu proseslərin məntiqi nəticəsi olaraq dünyada qlobal iqtisadi böhranın, beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların funksionallığını itirməsinin şahidi olduq. Ötən il 2001-ci ildən başlayan və «ərəb baharı» adlandırılan hadisələrin dönüş nöqtəsi kimi, eləcə də beynəlxalq münasibətlər sistemində yeni regional mərkəzlərin, güc mərkəzlərinin və çoxqütblü dünyanın yaranmasına ümidlərin cücərməsi ilə yadda qaldı». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru  Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin bir aktorudur. Onun sözlərinə görə, qloballaşan dünyada baş verən hadisələr milli dövlətlərə də öz təsirini göstərir: «Bu mənada dünyada süni və ünvanlı şəkildə yaradılan iqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərdi. Neftin qiymətinin süni şəkildə ucuzlaşdırılması, imperialist mərkəzlərin Yaxın Şərqi işğal edərək oradan öz neft tələbatlarını pulsuz təmin etmələri neftin dünya bazarında real qiymətini dəfələrlə aşağı saldı. Bu da Azərbaycanın və regionun iqtisadiyyatına təsirsiz ötüşmədi. Beləliklə, biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlandığını gördük».

Millət vəkili qeyd edib ki, ötən il, əsasən, iqtisadi islahatlar ili, eləcə də konstitusiya islahlatlarının, həmçinin idarəetmədə, pul-maliyyə sektorunda islahatların aparıldığı il kimi islahatlarla yadda qaldı: «Bunların hamısı deməyə əsas verir ki, bütövlükdə 2016-cı il Azərbaycanda kompleks islahatlar ili və gələcəkdə Azərbaycanın iqtisadi inkişafını təmin edəcək hüquqi bazanın yaradılması ili oldu». Baş redaktorun  fikrincə, 2016-cı il Azərbaycan üçün bir sıra hadisələrlə əlamərdar olub: «Ötən il Azərbaycanın idman həyatında da əlamətdar oldu. Ölkədə Formula 1 yarışları keçirildi, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar əldə etdilər.

2016-cı ilin ən yaddaqalan hadisələrindən biri aprelin 1-dən 4-dək Ermənistan-Azərbaycan münaqişə zonasında qoşunların təmas xəttində baş verən döyüşlər oldu. Bu hadisələr Azərbaycan Ordusunun bəlkə də miqyası etibarilə kiçik, amma mənəvi və hərbi-prixoloji baxımdan çox böyük qələbəsı ilə, Talışda və Lələ Təpə yüksəkliklərindəki uğuru ilə yadda qaldı. Şübhəsiz ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də yeni bir şərt və mərhələ formalaşdırdı. Bu, Azərbaycanın hərbi-siyasi gücünün göstəricisi idi.

 

Bundan başqa, ölkənin sosial, iqtisadi, mədəni həyatında mühüm addımlar atıldı. Ötən il multikulturalizm ili elan olunmuşdu. Azərbaycanın həyat tərzinin, cəmiyyətmizin səciyyəvi xüsusiyyətlərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox böyük addımlar atıldı, bu istiqamətdə çox böyük işlər görüldü. Hər kəs bir daha dərk etdi ki, Azərbaycanda çoxsaylı etnik, sosial qruplar, müxtəlif dini məzhəblərin nümayəndələri bir yerdə yaşaya bilirlərsə, deməli, işğalçı Ermənistanın manipulyativ şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışdığı "azərbaycanlılarla ermənilər bir arada yaşaya bilməzlər" fikri əsassızdır».

Ötən il Azərbaycanda "Bakı prosesi" adlandırılan 5-cı Beynəlxalq Humanitar Forumun  keçirildiyini xatırladan Hikmət Babaoğlunun sözlərinə görə, bu platforma bir daha göstərdi ki, Azərbaycan Respublikası və onun həyata keçirdiyi siyasət regionda əməkdaşlığa və tərəfdaşlığa xidmət edir. Burada "humanitar Davos" adlandırılan platformada bir daha dünyadakı mövcud problemlər və onların həlli yolları təcrübəli dövlət, ictmai və elm xadimlərinin iştirakı ilə müzakirə edildi. Bu, həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya ismarıc verdi ki, mövcud problemlər, əslində, həllolunandır və əgər cəhd edilərsə, buna müxtəlif vasitələrlə nail olmaq mümkündür.

Hikmət Babaoğlu qeyd edib ki, ötən il həmçinin, Milli Məclisdə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, elmi, sosial həyatını, müxtəlif sektorları tənzimləyəcək çoxsaylı qanunlar qəbul edildi. Onun sözlərinə görə, 2016-cı il Azərbaycan mediası üçün də əlamətdar oldu. Çünki mediamız 1994-cü ilin atəşkəsindən sonra ilk dəfə qələbə xəbərini verə bildi. «Arzu edirəm ki, Azərbaycan mediası növbəti illərdə də bu cür xəbərləri yaymaq şansı əldə etsin. Konstitusiyada aparılan dəyişikliklər zamanı bir daha söz və mətbuat, insan azadlıqlarının qorunması ilə bağlı məsələlərin təkmilləşdirilməsinin şahidi olduq. Eyni zamanda, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi konstitusion əsaslar yaradıldı. Hazırkı mərhələdə ən başlıca problemlərdən olan təhlükəsizlik məsələsinin konstitusiyada yeni şərtlərə uyğun nizamlanması həyata keçirilən konstitusion islahatların əsas komponentlərindən biridir»- deyə, millət vəkili əlavə edib ki, 2016-cı ildə Azərbaycanda iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi islahatlar aparıldı, regional sənaye mərkəzlərinin yaradılması ilə bağlı investisiyalar qoyuldu. Azərbaycanda ilk dəfə olaraq farmasevtika, dərman istehsalı ilə bağlı addımlar atıldı. O cümlədən, adını çəkmədiyimiz digər məsələlər 2016-cı ilin əlamətdar il olduğunu söyləməyə əsas verir.

Hikmət Babaoğlunun fikrincə, atılan bütün bu addımlar və həyata keçirilən islahatlar 2017-ci il və ondan sonrakı mərhələyə hesablanıb. O qeyd edib ki, bu islahatların nəticəsi 2017-2018-ci illərdən sonra özünü göstərəcək. «2017-ci il Azərbaycanda iqtisadi sabitləşmə ili kimi yadda qalacaq, 2018-ci ildən etibarən isə ölkədə ciddi iqtisadi artım müşahidə olunacaq və bu da əsas etibarilə qeyri-neft sektorunun inkişafı hesabına baş verəcək. Çünki bu islahatlar istər idarəetmədə, istərsə də iqtisadiyyatda mövcud reallıqlar nəzərə alınmaqla həyata keçirilir və növbəti illərdə iqtisadi inkişaf üçün çox ciddi zəmin yaradacaq. Biz bilirik ki, hətta ən bədbin proqnozlara görə belə Azərbaycanda iqtisadiyyatın 1 faiz böyüməsi gözlənilir. Bu, çox ciddi məqamdır. Əgər mövcud beynəlxalq iqtisadi şərtləri nəzərə alsaq, bütün bunlar növbəti mərhələdə Azərbaycanın daha da yüksək inkişafına gətirib çıxaracaq»- deyə, Hikmət Babaoğlu vurğulayıb.