YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdirilir

«Nüfuzlu əczaçılıq şirkətləri sivil ölkələrdə qəbul edilən normaların, etik prinsiplərin hakim olduğu, şəffaf və aydın mexanizmlə qiymət tənzimlənməsinin həyata keçirildiyi, yəni, proqnozlaşdırılabilən, sabit inkişafa və əlverişli mühitə malik dərman bazarında fəaliyyət göstərməyə üstünlük verirlər. Ötən il üzrə idxalın təhlili göstərir ki, dərman vasitələri idxalının təqribən 80 faizi Avropa ölkələrinin və digər inkişaf etmiş ölkələrin payına düşür. Dərman vasitələrinin digər hissəsi isə əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur. İdxal üzrə strukturda ölkələrin payı dərman vasitələrinin dövlət qeydiyyatı üzrə strukturuna uyğun olduğundan ucuz və ya bahalı dərman məsələsi optimal şəkildə tənzimlənir». Bu fikirləri iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzilərində isə baha qiymətə satılır. Hətta eyni istehsalçının dərman vasitələrinin qiymətləri Müstəqil Dövlətlər Birliyinə üzv olan bir sıra ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə bahadır. Onun sözlərinə görə, qiymətlərin ucuzluğu o demək deyil ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətə diqqət yetirmirlər. Dərman vasitələrinin müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılması bazarın xüsusiyyəti ilə bağlıdır. Ümumi meyil belədir ki, hansı ölkələrdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, istehsalçılar həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər.

 

«Tənzimləmədən əvvəl ölkəyə bir qutu dərman vasitəsi orta hesabla 3 ABŞ dollarına idxal olunduğu halda, hazırda 1,4 ABŞ dollarına idxal edilir. Burada əsas məqam ondan ibarətdir ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst rəqabətin olması qiymətlərin aşağı düşməsini təmin etmir. Belə ki, vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır. Vətəndaş ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətindədir. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırlar. Məhz bu kimi xüsusiyyətlər nəzərə alınaraq, dərman vasitələrinin qiymətləri “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında bir sıra inkişaf etmiş və tam liberal Avropa ölkələrində də bu və ya digər formada dövlət tərəfindən tənzimlənir. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkədə istehsalın hansı səviyyədə təşkil edilməsindən asılı olmayaraq optimal qiymətlərin formalaşmasına xidmət edir.

Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdirilir. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsinin ekspertizası və sınağı keçirilir, yalnız bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi Azərbaycana idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır»- deyə, Ş.Mustafayev vurğulayıb.