YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hanoyda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib

Vyetnamın paytaxtı Hanoy şəhərində iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib.

İclasa komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Natiq Əliyev və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh sədrlik ediblər.

Tran Tuan Anh iki ölkə arasındakı münasibətlər üçün son dərəcə əhəmiyyətli olan bu toplantının əlaqələrin bütün spektri üzrə qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə xidmət edəcəyini bildirib. İclasın hazırlanmasında hər iki ölkənin aidiyyəti qurumlarının fəal iştirak etdiyini vurğulayan Tran Tuan Anh danışıqların yekunu olaraq müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Vyetnamlı nazir ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyinə diqqət çəkərək, həmin prosesdə Azərbaycan tərəfini, o cümlədən biznes dairələrini fəal iştiraka dəvət edib, bunun üçün münbit şəraitin yaradılacağını deyib.

Komissiyanın ilk iclasını tarixi hadisə kimi qiymətləndirən Natiq Əliyev Azərbaycan və Vyetnam xalqları arasında münasibətlərin əsasını ümummilli lider Heydər Əliyev və Vyetnamın keçmiş Prezidenti Xo Şi Min tərəfindən qoyulduğunu bildirib. Qeyd olunub ki, Xo Şi Minin 1959-cu ildə Azərbaycana və ulu öndər Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri qismində Vyetnama səfərləri hər iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin qurulmasında həlledici rol oynayıb.

Azərbaycan və Vyetnam arasında müasir dövrdə əməkdaşlığın daha da inkişafının vacibliyini vurğulayan N.Əliyev son illərdə siyasi dialoqun aktivləşdiyini qeyd edib. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri və Vyetnamın sabiq Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verdiyini, əlaqələrin genişləndirilməsinə yeni perspektivlər açdığını vurğulayıb.

Məhz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizin Cənubi Qafqaz regionunun ən sərvətli dövlətinə çevrildiyini xüsusi vurğulayan N.Əliyev Azərbaycanın zəngin təcrübəsindən və malik olduğu geniş imkanlardan ikitərəfli münasibətlərin inkişafında istifadə etməyə hazır olduğunu bildirib.

Tərəflər iclasda əldə olunan razılaşmaların həyata keçirilməsinin zəruriliyini bildirib, konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirərək bütün səviyyələrdə səfərlərin sayının artırılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının labüdlüyü qeyd olunub. Danışıqlar zamanı tərəflər hər iki ölkənin sosial-iqtisadi vəziyyəti haqqında məlumat verib, ticarət və investisiya, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, turizm, idman, siyasət, diplomatik hüquq və məhkəmə sahələrində əməkdaşlıq perspektivlərini müfəssəl şəkildə müzakirə ediblər.

Sonda komissiyanın ilk iclasının protokolu imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv