YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Malayziya əməkdaşlığının daha da inkişaf etdirilməsi yolları barədə müzakirələr aparılıb

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak etmək məqsədilə Malayziyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov malayziyalı həmkarı Dato Sri Anifah Aman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Nazirlər ölkələrimiz arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

Görüşdə tərəflər yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunublar.

Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırlayaraq paytaxt Bakının və bütövlükdə Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə də birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər. Ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıblar. Həmçinin enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə dair həmkarına ətraflı məlumat verib. O, Malayziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı tərəflər, həmçinin İƏT gündəliyində duran, habelə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

DİGƏR Xəbərlər Arxiv