YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Tolerant və multikultural ənənələrə hər zaman sadiq olan Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir

Ucarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.

Fevralın 24-də Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda rayon icra hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə DQİDK-nın təqdimatında “Fitnə” filmi nümayiş olunub.

Konfransı açan rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halı almış tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

Mənsur Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasında məqsəd həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən söz açıb.

Komitə sədri vurğulayıb ki, tolerant və multikultural ənənələrə hər zaman sadiq olan Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. İslam dünyasında baş verən təxribatlar şəraitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışı ilə uzlaşan çox əhəmiyyətli, son dərəcə mühüm bir təşəbbüsdür.

Prezidentin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi yalnız İslam daxilindəki dini məzhəb həmrəyliyi məsələsini qarşıya qoymur. Burada başqa vəzifələr, bütünlükdə müsəlman ölkələri üçün qlobal əhəmiyyət kəsb edən məsələlər var. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə belə bir təşəbbüsün irəli sürülməsi yalnız din amilini deyil, eyni zamanda, müsəlman ölkələrinin istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır.

Mübariz Qurbanlı yad təsirlərin Azərbaycandan da yan keçmədiyinə diqqəti cəlb edərək, dini maarifləndirmənin zəruri olduğunu vurğulayıb. Bu gün Azərbaycan gəncinin vətəninə, xalqına, İslama sədaqət ruhunda tərbiyə olunmasının, eyni zamanda, xurafata, dini radikalizmə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri bu günlərdə bütün ölkə ərazisində Xocalı soyqırımının anım tədbirlərinin keçirildiyini bildirib. Qeyd edib ki, soyqırımı cinayətini törədənlər insanlıq əleyhinə cinayət törədənlər siyahısındadır. Dünyanın onlarla ölkəsinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması üçün kitablar, filmlər hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Konfransda İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasındakı rolu, dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və təşviqi, eləcə də bu sahələrdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

DİGƏR Xəbərlər Arxiv