YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Biz birlikdə əyilməz bir gücük

"Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam". Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi".

Mehriban Əliyeva qeyd edib ki, müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir:

Azərbaycanın Birinci vitse-prezidenti Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təkliflər irəli sürdüyünü deyib: "Humanizim və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə Amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 887 məhkum cəzadan azad edilib. Mən Amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da 10 minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə öz dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək".

Mehriban Əliyeva səhiyyə ilə bağlı bəzi məsələlərə də toxunub: “Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir.

Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi".

Mehriban Əliyeva bildirib ki, təşəbbüsü ilə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanımaq üçün bir çox tədbirlər keçirilmişdir.

Birinci vitse-prezident bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun – ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb: "Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam.

Yeni vəzifəyə təyin olunduqdan sonra mən öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım var, məni dəstəkləyən minlərlə soydaşımız var, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan prezidentimiz var. Biz birlikdə əyilməz bir gücük. Mən əminəm ki, Azərbaycanın gələcəyi üçün, Azərbaycanın gələcək inkişafı üçün, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik".