YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı təmin edilib

«Uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı təmin edilib». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. Onun sözlərinə görə, 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir.

«Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və sair sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib» - deyə, A.Badamov vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv