YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır

“Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.” Bu fikirləri Prezident İlham Əliyev  aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mərasimində qeyd edib. 

Dövlət başçımız bildirib ki, Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb. Azərbaycan qədim müsəlman diyarıdır.

“Qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür.”-deyə,  Prezident İlham Əliyev qeyd edib.