YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatında iştirak edib

Mayın 19-da Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Həyat Fondunun təsisçisi Nuran Hüseynov tədbirdə çıxış edərək bildirib ki, fondun yaradılmasında məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir istiqamət verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, səmərəli şəkildə çatdırmaq fondun fəaliyyətinin əsasını təşkil edəcək.

Qeyd edilib ki, Həyat Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdiriləcək və fonda ianə vermək bir neçə vasitə ilə mümkün olacaq. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, poçt, bank və ödəniş aparatları ilə, eləcə də fondun rəsmi internet səhifəsinə daxil olmaqla nəzərdə tutulan müvafiq bölmədən fondun və ya birbaşa ehtiyac sahiblərinin hesabına ödəmələr etməklə yardım etmək mümkün olacaq. Ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə daxil olaraq (www.heyat.az) müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda, ənənəvi məktub formasında müraciət etmək mümkün olacaq.

Nuran Hüseynov bildirib ki, Həyat Fondunun həftədə bir dəfə olmaqla ATV telekanalında verilişinin yayımlanması da nəzərdə tutulub. Veriliş yardıma ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, fondun dəstəyi ilə həyata keçirilən işlərin ictimaiyyətə çatdırılması məqsədini daşıyır.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Həyat Fondunun yaradılmasının əhəmiyyətli hadisə olduğunu vurğulayıb.

Mədət Quliyev bildirib ki, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir. Ötən əsrin 90-cı illərində səriştəsiz insanların hakimiyyətdə olması səbəbindən Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə idi. Lakin xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və səriştəli insanları ətrafına toplayaraq Azərbaycanı qısa müddətdə dağılmaq təhlükəsindən xilas etdi və bu da inkişafa gətirib çıxardı.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi deyib ki, bu gün Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu, Azərbaycan üçün təntənəli bir bayramdır. Bu gün azərbaycanlılar fəaldırlar, bacarıqlıdırlar və dünyanın nəbzini tuturlar. Çox sevindirici haldır ki, Azərbaycanda belə bir fond yaradılır. Şübhə yoxdur ki, bu fond qısa müddətdə ehtiyacı olan insanlara yardım edəcək.

Tədbirdə digər çıxış edənlər Fondunun yaradılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.