YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: ÜAK kimi təşkilatlar Azərbaycan və Rusiya arasında ənənəvi dostluq və qonşuluq münasibətlərinin daha da inkişafına xidmət edir

«ÜAK-ın ləğvi haqqında qərar Rusiyada yaşayan azərbaycanlıların, eyni zamanda, Azərbaycan ictimaiyyətinin çox ciddi narazılığına səbəb olub». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, 2001-ci ildə bu qurum Ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmışdı. Onun sözlərinə görə, Azərbaycan və Rusiya qonşu dövlətlərdir, strateji tərəfdaşlıq yolunda inkişaf xəttini seçiblər.

«Belə qurumların, QHT-lərin yaradılması Azərbaycan və Rusiya arasında ənənəvi dostluq və qonşuluq münasibətlərinin daha da inkişafına xidmət edir. Bu, hər iki dövlətin milli maraqlarından irəli gələn bir addımdır. Rusiyada müəyyən anti-Azərbaycan dairələr, xüsusilə də ermənipərəst qüvvələr hər zaman Azərbaycan və Rusiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar. Onlar bu inkişafın qarşısını ala biləcək müxtəlif vasitələrə istinad edirlər ki, ölkələr arasındakı dinamikanın qarşısı alınsın və ikitərəfli münasibətlərdə gərginlik ocaqları yaransın. Amma  ikitərəfli münasibətlərə kölgə salmaq üçün Rusiyadakı anti-Azərbaycan qüvvələr ÜAK-ın ləğvi istiqamətində fəaliyyətə keçiblər. Rusiyadakı hakim qüvvələr, Rusiyanın ali rəhbərliyi heç zaman unuda bilməz ki, bu günə qədər Azərbaycan Rusiya əleyhinə beynəlxalq maliyyə-iqtisadi sanksiyalara qoşulmayıb. Bunu görməmək mümkün deyil. Azərbaycan müstəqil siyasət yeridib, heç bir halda qonşusu və strateji tərəfdaşı olan Rusiya ilə münasibətlərinin korlanmasını istəməyib. Ölkəmiz bu günə kimi də bu xəttə sadiqdir. Hesab edirəm ki, Rusiyanın ali rəhbərliyi bu reallıqdan çıxış edərək ədalətsiz qərarın aradan qaldırılması istiqamətində müvafiq təşəbbüslər göstərəcək»- deyə, E.Nəsirov qeyd edib.