YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət müstəqilliyimizin 99-cu ildönümü Vyanada qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın Vyanadakı səfirliyində rəsmi qəbul təşkil olunub.

Qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Avstriyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 28 May – Respublika Günü barədə qonaqlara məlumat verib. Bildirilib ki, Azərbaycanda qədim dövlətçilik ənənələri mövcud olsa da, siyasi-iqtisadi struktura və ictimai əsaslara malik dövlət 1918-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları qısa müddət ərzində demokratik respublika təsis edərək, ölkədə demokratik təsisatlar, parlament, konstitusiya yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi bir çox uğurlara imza atıblar.

Diplomat bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra işğalla üzləşən və vətəndaş müharibəsinin astanasında olan Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin müasir inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ölkədəki hərc-mərcliyə son qoyan, cəmiyyətin bütün təbəqələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirməyə müvəffəq olan Heydər Əliyev respublikada ciddi islahatlara start verərək iqtisadi yüksəlişə, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına nail oldu. Regionun ən sürətli, ən dinamik inkişaf edən dövlətinə çevrilən Azərbaycan bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində etibarlı və mühüm amilə çevrilib. Təhlükəsizlik və sabitlik ölkənin iqtisadi, siyasi və demokratik inkişafının təməl prinsipləridir. Bu gün Azərbaycan qonşu, eləcə də Avropa ölkələri üçün mühüm enerji təminatçısı olmaqla yanaşı, həm də enerji və nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar və fəal iştirakçıdır. Ölkəmiz yerləşdiyi regionda sabitliyin təmin olunmasında xüsusi nüfuza malik dövlətdir.

Səfir çıxışında, həmçinin bildirib ki, bu il Azərbaycan ilə Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlamətdardır. Ölkələrimizin dinamik və məhsuldar münasibətlər saxladığını qeyd edən Qalib İsrafilov Azərbaycan ilə Avstriya arasında yüksək səviyyəli siyasi dialoqun və iqtisadi əlaqələrin getdikcə inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. Ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti təqdir olunub.

Daha sonra çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan bu gün dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələr sırasındadır. Neft və qaz kimi təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan yeni iqtisadiyyatla yanaşı, güclü cəmiyyət quruculuğunu işini də davam etdirir. Eyni zamanda, ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün mühüm enerji layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.

Tədbir çərçivəsində ziyafət təşkil olunub. Qonaqlara milli mətbəximizin nümunələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv