YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hanoyda “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar sentyabrın 13-də Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoyda “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Bui Tanq Son konfransda xüsusi qonaq qismində çıxış ediblər.

Konfransda çıxış edən nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafında 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərini, 1983-cü ildə ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Vyetnama səfərini xüsusi qeyd edib.

Elmar Məmmədyarov 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.

İki ölkənin hakim partiyaları və parlamentləri arasında sıx əməkdaşlığa toxunan nazir humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafını yüksək qiymətləndirib.

Nazir çıxışında enerji, sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə məlumat verib və Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışıb.

Elmar Məmmədyarov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Azərbaycan və İranın dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində görülən işlərə toxunaraq, bu layihənin, eləcə də onun Cənub-Qərb komponentinin Vyetnamın ixrac məhsullarının Avropa İttifaqı bazarlarına daha tez və effektiv şəkildə çıxarılması üçün əlverişli imkanlar yaradacağını bildirib. O əlavə edib ki, Azərbaycan və Vyetnamdan olan mütəxəssislər bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün tezliklə görüş keçirəcəklər.

Daha sonra nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb. Nazir münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nghiem Vu Khainin “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib.

Tədbirdə Vyetnam xarici işlər nazirinin müavini Bui Tanq Son, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghein Vu Khai, Milli Məclisin deputatı Rauf Əliyev, Vyetnam Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Nqo Duk Man, Vietsovpetro Birgə Müəssisəsinin baş direktoru Tuan Ten Nqia və digər şəxslər çıxış ediblər.

Konfransda Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın Vyetnam dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabının təqdimatı keçirilib.

Vyetnam Xarici İşlər Nazirliyi, Vyetnam Kommunist Partiyası və digər dövlət təşkilatlarının rəsmiləri, parlamentin üzvləri, gənclər təşkilatlarının nümayəndələri, universitetlərin, habelə Hanoydakı diplomatik korpusun təmsilçiləri tədbirdə iştirak ediblər.

Üç sessiyadan ibarət olan konfransda Vyetnam-Azərbaycan əlaqələrinin tarixi, əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair mühazirə və çıxışlar olub.