YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA-nın prezidenti: Azərbaycan çox xalqlara sığınacaq verib

Bakıda “Avropa təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konqres işə başlayıb.

“Bu günlərdə biz xaricdə rus dilinin və mədəniyyətinin qorunub saxlanılması məsələlərini müzakirə etməklə bərabər, onun inkişaf dərəcəsini, cəmiyyətin mədəni, ictimai-siyasi və iqtisadi vəziyyətinə təsirini və bu sahədə bilik səviyyəsini artırmağın vacibliyini müəyyən etməliyik. Rus dili ittifaqı mövcud olduğu bütün dövr ərzində heç vaxt çoxmillətli regionun başqa dillərinə qarşı yönəlməyib. O, dillər və mədəniyyətlər kəhkəşanını, onların mənəvi birliyini, milli müxtəlifliyini qoruyub saxlayır. Bu, Azərbaycan mədəniyyətinə və dilinə də aiddir”.

Bu sözləri Azərbaycanın Rus İcmasının başçısı, Milli Məclisin deputatı Mixail Zabelin “Avropa təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konqresin plenar iclasında söyləyib.

Onun sözlərinə görə, suverenliyi bərpa olunandan sonra Azərbaycan postsovet məkanında, demək olar, yeganə dövlətdir ki, burada rus dilinin saxlanılmasının inzibati metodları barədə məsələ heç vaxt qaldırılmayıb.

Deputat deyib: “Sizin hər biriniz Bakıya gələndə əmin olur ki, Azərbaycan xalqı rus dilinə və mədəniyyətinə necə qayğı və ehtiramla yanaşır. Rus dilini öyrənmək istəyənlərin sayı ildən-ilə artır. Hazırda Azərbaycanda tədrisin təkcə rus dilində aparıldığı 16 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 4.185 şagird təhsil alır, 342 məktəbdə rus dili bölməsi var. Rus dili bölmələrində 115.914 şagird təhsil alır. Azərbaycan bölmələrində rus dili xarici dil kimi məcburi qaydada tədris olunur. Respublikada ləzgi, avar, ivrit və digər dillərdə də məktəblər var. Bütün ali məktəblərdə bütün ixtisaslar üzrə tədris rus dilində olan fakültələr var. Rus dili bölmələrində 17 mindən çox tələbə təhsil alır”.

O qeyd edib ki, respublikanın təhsil naziri Mikayıl Cabbarov bu il avqustun 28-də “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi haqqında əmr imzalayıb. Əmrə görə, rus dili Azərbaycanın bütün ümumtəhsil məktəblərində məcburi qaydada öyrənilməli və tədris olunmalıdır. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Rusiya ali məktəblərinin aparıcı müəllimləri bu təhsil ocaqlarında dərs deyirlər.

“Müasir Azərbaycan dünyaya millətlərarası münasibətlərin mədəni və dini tolerantlığının inkişaf modelini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı və çoxmillətli cəmiyyət formalaşıb və mövcuddur. Müstəqillik illərində bu meyillər daha da güclənib və multikulturalizm Azərbaycan xalqı üçün normaya çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənələr Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”, - deyə M.Zabelin fikrini tamamlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxışında deyib: “Dünyada baş verən proseslər nəzərə alınsa, məhəlli müharibələrin, terror aktları ilə bağlı daimi təhdidlərin, həll edilməmiş çoxsaylı problemlərin narahatlıq yaratdığı bir vaxtda, bugünkü konqresimiz və onun mövzusu həmişəkindən daha aktualdır. Təsadüfi deyildir ki, bu konqres Azərbaycanda keçirilir. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında yolların kəsişdiyi məkandır. Bu yolların qovuşuğunda yerləşməsi nəinki Azərbaycanın milli və dini identikliyinin itirilməsinə gətirib çıxarmayıb, əksinə, xalqımızın qədim mədəniyyətini daha da zənginləşdirib. Ölkəmiz öz tarixi ərzində çox xalqlara sığınacaq verib. Onun o qədər də böyük olmayan ərazisində bir çox dinlərin və etnosların nümayəndələri mehriban qonşuluq və qarşılıqlı ehtiram şəraitində yaşayır və özlərini çox rahat hiss edirlər. Bu da dövlətimizin başçısına ötən ili Azərbaycanda Multikulturalizm İli, bu ili isə İslam Həmrəyliyi İli elan etmək hüququ verib”.

Akademik qeyd edib ki, Azərbaycan xarici aləmlə azad ünsiyyət saxlayan ölkədir. O, ingilis dilinin mühüm rol oynadığı inteqrasiya proseslərindən kənarda qala bilməz. “Ancaq rus dili də dünyaya pəncərə, ünsiyyət vasitəsi kimi öz əhəmiyyətini saxlayır. Rus dili qlobal elmi məkanda mühüm rol oynayır. Bu dil yüz minlərlə vətəndaşımız üçün doğma dildir, əhalinin təqribən 40 faizi bu dildə sərbəst danışır. SSRİ-nin dağılmasına baxmayaraq, rus dili Azərbaycanda öz mövqeyini qoruyub saxlayır”, – deyə AMEA-nın prezidenti vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli tədbirdə çıxış edərək qeyd edib ki, konqresin Azərbaycanda keçirilməsini multikulturalizmin inkişafı sahəsində onun sanballı təcrübəsi şərtləndirib. Deputat deyib: “Azərbaycan ilə Rusiya arasında, habelə bugünkü konqresdə təmsil olunan ölkələr arasında münasibətlər nümunəvi münasibətlərdir. Azərbaycan çoxmillətli ölkə kimi, Avrasiya məkanında çox mühüm körpüdür. Hazırda Azərbaycan multikulturalizmi modeli Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi çox populyardır. Biz müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində dillərin və mədəniyyətlərin qarşılıqlı əlaqələrinin təşkilində faydalı təcrübə toplamışıq”.

Onun sözlərinə görə, Azərbaycan Qafqaz, Şərq və İslam dünyası xalqlarının ən yaxşı ənənələrini özündə təcəssüm etdirməklə bərabər, dünyəvi, demokratik və hüquqi dövlətdir. “Əminəm ki, konqresin işinin təklif edilən istiqamətləri ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

DİGƏR Xəbərlər Arxiv