YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: İslam həmrəyliyi digər dinlərlə birgə əməkdaşlığı özündə ehtiva edir

Sentyabrın 28-də Bakıda V Beynəlxalq Kitab-Sərgi yarmarkası çərçivəsində “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib.

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamına əsasən, İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasında rolu, dünyada həmrəyliyin təmin olunmasında əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil, bu, İslam dünyası üçün bir nümunədir. İslam coğrafiyası dünyanın böyük bir ərazisini əhatə edir. Dünyanın karbohidrogen ehtiyatlarının böyük hissəsi məhz müsəlman ölkələrinin payına düşür, bu cür böyük potensialın olmasına baxmayaraq, İslam dünyası bu gün istər Qərblə, istərsə də dünyanın digər güc mərkəzləri ilə müqayisədə geridə qalıb. Bu gün dünya üzrə ümumi daxili məhsulda müsəlman ölkələrinin payı cəmi iki faizdir. Bütün bunlardan sonra Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” çağırışı təkcə dinlə bağlı hesablanmış çağırış deyil. “İslam Həmrəyliyi” dedikdə dinlə, məzhəblərarası, dinlərarası münasibətlərlə yanaşı, bütün sferalarda - iqtisadi, sosial, mədəni sahədə müsəlman ölkələrinin əməkdaşlığı, birliyi, həmrəyliyi nəzərdə tutulur. Bu, hətta idmanda da özünü göstərib. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəyliyi Oyunları da məhz ölkəmizdə keçirildi. İslam həmrəyliyi həm də digər dinlərlə birgə əməkdaşlığı özündə ehtiva edir.

Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov bildirib ki, İslam sözü digər müsəlman ölkələrindən daha çox bizə doğmadır. Ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Əsrlər boyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, İslam həmrəyliyinə öz töhfələrini verir. “İslam Həmrəyliyi İli”nin məram və məqsədlərindən danışan Anar İsgəndərov bu çərçivədə görülən işlərin bütün dünya üçün sülhsevərlik örnəyi olduğunu diqqətə çatdırıb.

Sonra DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimat ilə çıxış edib.

Təqdimatda Azərbaycanın təklif etdiyi İslam həmrəyliyinin mahiyyəti və əhəmiyyəti, bu sahədə ölkəmizin təcrübəsi, eləcə də dünyada baş verən proseslər, İslam dünyasındakı mövcud problemlərin əsas səbəbləri, demoqrafik, iqtisadi və təhsil üzrə göstəricilər əksini tapıb.

Ölkəmizdə dini konfessiyalar arasında olan mövcud tolerant və birgəyaşayışın bütün dünya ölkələri üçün bir nümunə olduğu diqqətə çatdırılıb.

DİGƏR Xəbərlər Arxiv