YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Çin və Azərbaycan arasında əməkdaşlıq inkişaf edir

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov noyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ziyafət Əsgərov Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərindən danışıb və qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx dostluq telləri mövcuddur. Bu partiyaların nümayəndələri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Bu səfərlər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Ziyafət Əsgərov qonaqlara Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən iri neft-qaz layihələri, bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyindəki rolu barədə məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsidir. Cənubi Qafqazın iqtisadiyyatının 75-80 faizi Azərbaycanda formalaşır. Bölgənin ən inkişaf etmiş ölkəsi kimi çalışırıq ki, dünya dövlətləri ilə iqtisadi, ticari və humanitar əlaqələrimizi daha da genişləndirək. O qeyd edib ki, ölkəmiz iqtisadi inkişafına görə regionda lider olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneə yaradır. BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər təşkilatların sənədlərinə məhəl qoymayan Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjun ikitərəfli əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında qarşılıqlı səfərlər mühüm rola malikdir.

 

DİGƏR Xəbərlər Arxiv