YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edilib

Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyası çərçivəsində siyasi məsələlər və xarici əlaqələr, iqtisadi əlaqələr və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlərarası dialoq üzrə daimi ixtisaslaşmış komitələrin toplantıları keçirilib.

Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin də iştirak etdiyi toplantılarda qətnamə layihələri və hesabatlar müzakirə olunub.

Siyasi məsələlər və xarici əlaqələr komitəsinin iclasının gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də salınıb. Toplantının sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi yekdilliklə qəbul olunub. Parlamentarilərin ölkəmizlə bağlı qəbul etdiyi digər sənəd Xocalı soyqırımı qurbanlarının xatirəsinə dair qətnamə layihəsi olub. Hər iki sənəd İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 13-cü sessiyasına təqdim olunub.

İclaslarda miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlər müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları məsələsini qaldırıb. Toplantılarda parlamentarilər Azərbaycandakı tolerantlıqdan da bəhs ediblər. Müxtəlif ölkələrdən olan parlamentarilər bildiriblər ki, Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir.

Qeyd edək ki, sessiya çərçivəsində qurumun yeni baş katibi və büro üzvləri seçiləcək. 2018-ci il üçün İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ümumi komitəsinin üzvlərinin təyin olunması, icraiyyə komitəsinin, daimi komitələrinin üzvlərinin seçilməsi, komitələrin 14-cü və 15-ci sessiyalarının, icraiyyə komitəsinin 40-cı iclasının keçiriləcəyi tarixin və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda yekun hesabat və yekun kommunike qəbul olunacaq.