YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşuları ilə çox yaxşı münasibətlərə malikdir

Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə çox yaxşı münasibətlərə malikdir.

Bu fikri Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında səsləndirib.

Tədbirin aparıcısının “Bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaq” sualını cavablandıran dövlətimizin başçısı deyib: “Sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir”.

Regionda olan hər bir ölkə ilə Azərbaycanın xüsusi əməkdaşlıq formatı olduğunu söyləyən Prezident İlham Əliyev bildirib ki, cəmi 26 yaşının olmasına baxmayaraq, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan verib. Bu siyasət milli maraqlara əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.

“Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxil işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir”, - deyə dövlətimizin başçısı qeyd edib.