YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu,sosial siyasət komitələrinin birgə iclası keçirilib

Sentyabrın 16-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və sosial siyasət komitələrinin birgə iclası keçirilib.

Əvvəlcə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisin 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitələrdə görülən işlər barədə məlumat veriblər. Bildiriblər ki, ötən sessiyada komitələr işini uğurla başa vurub, bir sıra vacib qanun layihələri müzakirə edilib.

Sonra iclasın gündəliyi haqqında məlumat verilib.

Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, məcəlləyə vaxtaşırı dəyişikliklər edilir. Bu isə cəmiyyətin inkişafı, sosial reallıqlarla və digər amillərlə bağlıdır.

O deyib ki, qanunvericilikdə nikaha girən insanların bir-birinin sağlamlığı haqqında məlumatlı olması məsələsi qeyd edilib. Ancaq zaman göstərdi ki, bu, məsələlərin həllinə kömək etmir və qanunda yenidən dəyişikliklər edilməlidir. Belə ki, qanunun 13-cü maddəsində edilən dəyişikliyə görə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər. Həmin şəxslərə onların tibbi müayinələrinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiqləyən arayış verilir. Arayış nikaha girmək istəyən şəxslərin müvafiq icra orqanlarına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə edilir. Həmin şəxslərə tibbi müayinə, həmçinin tibbi genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.

Daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Bildirilib ki, dəyişikliyə əsasən xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, həmin təşkilata qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filial və ya nümayəndəliyi ləğv ediləcək. Layihəyə görə, xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.

“Polis haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərkən məlumat verilib ki, dəyişikliyə əsasən qanunun 1-ci maddəsinin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilir. Qanun layihəsinə əsasən elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İclasda “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Dəyişikliyə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək, Miqrasiya, Şəhərsalma və Tikinti məcəllələrində, “İnzibati İcraat haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarının fərdi identifikasiya kartı haqqında”, “Yol hərəkəti haqqında”, “Notariat haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”,

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında”, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında, Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında” əsasnamələrdə edilən dəyişikliklər isə qanunvericiliyin dəqiqləşdirilməsi və texniki xarakter daşıyır.