YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

11 aprel növbəti qələbə günümüz olacaq

Yeni Azərbaycan Partiyasının «İlhamla irəli» şüarı altında təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bu çərçivədə YAP Xətai rayon təşkilatında növbəti görüş səhiyyə işçiləri ilə keçirildi.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov «2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında  Azərbaycan xalqı öz qərarını verdi» söyləyərək ötən 14 ildən artıq dövr ərzində  Azərbaycanın qazandığı uğurlardan bəhs etdi. Bildirdi ki, Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsi olaraq davamlı uğurlara imza atır, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. 2003-cü ildən bu günə  Azərbaycanda inkişaf dövrü yaşanır.  Bu illər  müstəqilliyimizin üçüncü dövrü kimi xarakterizə olunur. Bu  dövr ikinci dövrün məntiqi davamıdır.  Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas edən ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu reallıq inkaredilməzdir ki, növbəti uğurların təminatında möhkəm təməlin böyük rolu vardır.  

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında bu məqamı xüsusi qeyd etdi ki,  uzun illərdir Azərbaycana xaricdən baxır. Ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir. Sabit, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanıb. təbii ki, ölkələr arasında əlaqələrin möhkəmlənməsində  demokratik inkişaf xüsusi rol oynayır. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın uğurlarının miqyasının genişliyi, müstəqil siyasəti bəzi dövlətlər tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanır. Bu qısqanclıqlar müxtəlif çirkin addımlara rəvac verir. Lakin Azərbaycan reallıqları ilə, həyata keçirdiyi müstəqil siyasəti ilə bu kimi cəhdlərin qarşısını yüksək səviyyədə alır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, heç bir kənar qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil. Eyni zamanda Azərbaycan müstəqil dövlətdir. Heç bir qüvvə ölkəmizlə diktat dilində danışa bilməz.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva  bildirdi ki,  «Biz cənab İlham Əliyevi niyə dəstəkləməliyik» sualına cavabımız bugünkü reallıqlarımızdır. Azərbaycanın bugünkü inkişafının əsasını qoyan ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır. Yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsasını təşkil edir. Bu gün Azərbaycanın elə bir bölgəsi, kəndi və qəsəbəsi yoxdur ki, orda inkişaf, tərəqqi olmasın. Cənab İlham Əliyev daim bildirir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Yeni texnologiyaların inkişaf etdirilməsi, gənclərin potensial imkanlarından səmərəli istifadə etmək üçün yaradılan şərait göz önündədir. İdarəçilik sistemi zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Seçicilərdən Rövşən Məmmədov, Könül Nəcəfova və başqaları çıxış edərək zəngin tarixi olan Azərbaycan xalqını, dövlətini dünyanın xoşbəxt ölkələri, xalqları sırasına daxil edən Heydər Əliyev siyasətinin uğurlarından danışaraq, bundan qürur hissi keçirdiklərini bildirdilər. Həyata keçirilən siyasətə dəstəyini ölkədə keçirilən siyasi kampaniyalarda fəal iştirakı ilə bir daha təsdiqləyən xalq bu reallığı ortaya qoyur ki, Prezidentə inamın, etimadın böyük olduğu ölkədə xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır.  Azərbaycan möhkəm təməl üzərində inamla irəliləyir. 11 aprel prezident seçkilərində fəal olacaq, müstəqilliyimizin, davamlı inkişafımızın təminatçısı olan cənab İlham Əliyevə səs verməklə bir daha birliyimiz, həmrəyliyimiz fonunda növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə dəstək olacağıq.