YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Babayev: Pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar

Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

E.Babayev vurğulayıb ki, bu sistem sığorta prinsiplərinə əsaslanır: "Yəni pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir".

Şöbə müdiri məlumat verib ki, bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir: "Sığorta prinsiplərinin gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır".

E.Babayev bəzi ekspertlərin sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tutmasından təəssüfləndiyini bildirib: "Beləliklə, ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır".

E.Babayev deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə olunmaq, təminat əldə etmək hüquqları var.