YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Müasir dövr Azərbaycan mətbuatı inkişafa, yeniliyə can atan monolit komandadır

«Müasir dövr Azərbaycan mətbuatı inkişafa, yeniliyə can atan monolit komandadır. Ötən 143 ildə o, bir çox keyfiyyət dəyişikliklərinə imza atıb. Ancaq dəyişməyən bir məqamı vurğulamaq istərdim. Bu, 143 il öncənin «Əkinçi» ənənələrinə sadiqlik xəttidir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, mətbuatımızın yaradıcılıq baxımından nə qədər problem və çatışmazlıqları olsa da, o, ümumən Həsən bəy Zərdabi ənənələrinə sadiqdir.

Əlbəttə, qeyd etdiyim kimi, problemlər də qalmaqdadır və bu baxımdan bir sıra məqamlar üzərində dayanır, təhlillər aparırıq. Bir cəhətə xüsusi diqqət yetirmək istərdim. Bilirsiniz ki, Həsən bəy Zərdabi «Əkinçi»ni min bir zəhmət hesabına ərsəyə gətirmişdi. Eləcə də «Əkinçi»nin ardıcılları olan «Ziya», «Ziyayi Qafqaziyyə», «Kəşkül», «Şərqi-rus», «Kaspi», «Mola Nəsrəddin» və digər nəşrlər rəvan yol getməmişdilər. Baxırıq ki, hər birinin yaranması və ictimai rəydə qəbul edilməsi əsasən bir və bir neçə ziyalının fədakar əməyinin nəticəsidir. Bu cəfakeş ziyalılar uca Tanrının Azərbaycana bəxş etdiyi sərvətlərdir. Onlar xalqın yükünü çiyinlərinə götürməkdən yorulmayıblar, son nəfəslərinədək çalışıblar, əqidələrindən, prinsiplərindən, ideyalarından dönməyiblər. Ona görə yada düşən məhz onlardır.

«Hesab edirəm ki, üzərindən bir 143 il keçdikdən sonra bu gün baş verənlər də belə desək, ələnəcək. Heç şübhəsiz ki, o zaman peşə dəyərlərinə sadiq kimlərsə fərqləndiriləcək, nümunə göstəriləcək. Bəlkə sayları çox az olacaq, amma bu adamlar olacaq və Azərbaycan mediasına münasibətdə bitkin baxış məhz onların əməyi müstəvisində qiymətləndiriləcək. Mən Zərdabi ənənələrinə sadiqlik deyilən zaman məhz peşəsinə sözün əsl mənasında dəyər verən şəxsiyyətlərin fəaliyyətini əsas götürürəm. Hazırda yaşanan müxtəlif problem və çatışmazlıqları, jurnalist adından sui-istifadələri nəzərə alsaq, sadiqliklə bağlı fikirlərim heç də nikbinlik naminə deyilən sözlər deyil. Mən sadəcə keçdiyimiz yolun reallıqlarına söykənirəm. Hər zaman düşünmüşəm ki, Azərbaycan xalqı ayrı-ayrı şəxsiyyətlərinin hesabına bu mərhələyə çatıb. Məsələn, 1993-cü ildə Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indi sizinlə söhbət edə bilərdikmi? Bu mənada hesab edirəm ki, mətbuatımızın ənənələrinə sadiqliyinin qiymətləndirilməsi mahiyyətinə kompleks yanaşılacaq hadisədir»-deyə, Ə.Amaşov vurğulayıb.