YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələr xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifələrindən biridir. Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda şəhidlər verdi”. Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, həmin gün böyük imperiyanın hərbi maşını Azərbaycana hücum etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar.

“Respublikanın hərtərəfli blokadaya alındığı bir zamanda Ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən tarixi bəyanatla çıxış etdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi. Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul etdi. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Ümummilli liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və dövlətimiz tərəfindən onlara daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri yaradılıb”-deyə, akademik vurğulayıb.