YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artıb

İlin birinci ayında Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artıb.

Bu sözləri Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə deyib.

Ölkə başçısı bildirib: “Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır”.

“Onu da bildirməliyəm ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Yəni, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.