YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"ASAN xidmət"ə 28 milyonuncu müraciət qeydə alınıb

"ASAN xidmət"ə 28 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Müraciəti 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə Elida Ağasiyeva edib. O, Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətindən yararlanıb. 28 milyonuncu müraciətin sahibi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, qeydə alınan müraciətləri əks etdirən rəqəmlər görülən işlərin mahiyyətindən xəbər verir. Xüsusi rəqəmlərin sahiblərinə simvolik hədiyyələr, təşəkkürnamələr verilir.

"Hazırda ölkəmizdə 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıdadır. Digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa regionlarda 10 Səyyar "ASAN xidmət" avtobusu və Səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir. Hazırda mərkəzlərin sayının artırılması istiqamətində iş gedir. Belə ki, bu il daha beş "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxıda "ASAN xidmət", Bakıda isə "ASAN Kommunal" mərkəzi açılacaq. Burada əsas məqsəd xidmətlərin vətəndaşlara daha əlçatan olması və innovativ üsullarla çatdırılmasıdır. "ASAN xidmət"in olmadığı ərazilərdə Səyyar "ASAN xidmət" fəaliyyət göstərir. İndiyədək 1 milyon 700 mindın çox vətəndaş Səyyar "ASAN xidmət"dən yararlanıb", - deyə şöbə müdiri diqqətə çatdırıb.

İyirmi səkkiz milyonuncu müraciətin sahibi Elida Ağasiyeva göstərilən xidmətlərdən məmnunluğunu ifadə edib və təşəkkürünü bildirib.