YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Buriç: Azərbaycana səfərim çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığımızın strateji əhəmiyyəti vurğulandı

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündən sonra mətbuat konfransı keçirilib.

2013-cü ildə Azərbaycan ilə Xorvatiya arasında strateji əməkdaşlıq haqqında sənədlərin imzalandığını xatırladan Elmar Məmmədyarov hazırda həmin sənədlər çərçivəsində müzakirələrin aparıldığını bildirib. Nazir qeyd edib ki, Xorvatiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi tam aydındır. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərini və suverenliyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Enerji sahəsində əlaqələrdən söz açan nazir deyib ki, Xorvatiya "Cənub Qaz Dəhlizi" layihəsində və Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələrində iştirak etməkdə maraqlıdır.

Xanım Mariya Buriç Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı iki ölkə arasında siyasi və enerji məsələlərinin müzakirə olunduğunu xatırladıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən nazir burada keçirdiyi görüşlər zamanı qarşılıqlı əməkdaşlığın strateji əhəmiyyətinin vurğulandığını bildirib. O deyib ki, Bakıda keçirilən biznes-forumda Azərbaycan şirkətləri Xorvatiyaya sərmayə yatırmaqda maraqlı olduqlarını bildiriblər. Bu yaxınlarda Zaqrebdə böyük iqtisadi forumun keçiriləcəyini diqqətə çatdıran Mariya Buriç həmin tədbirdə müxtəlif iqtisadi layihələrlə bağlı müzakirələrin aparılacağını deyib. O, iqtisadi münasibətlərin inkişafının həm Avropa İttifaqı, həm də Xorvatiya üçün əhəmiyyətli olacağını vurğulayıb.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyinə toxunan nazir Xorvatiya şirkətlərinin Azərbaycanın enerji, kənd təsərrüfatı, toxuculuq, avtomobil sənayesi və turizm sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd edib. O, Xorvatiyanın Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanmasını dəstəklədiyini bildirərək deyib ki, bu, təkcə Aİ üçün deyil, həm də iki ölkə arasındakı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi üçün çox önəmli bir sənəddir.

DİGƏR Xəbərlər Arxiv