YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir

“Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması Azərbaycanda son illər aparılan islahatların nəticəsidir”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, 2015-ci ildən Azərbaycanda dərinləşdirilmiş hesabatların aparıldığını nəzərə alsaq, bunun nəticəsində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların fərqli dövlət xidmətinə çıxışının təmin edilməsi imkanların genişləndirilməsi ilə yanaşı eyni zamanda dövlət dəstəyinin artırıldığı da göz qabağındadır. Onun sözlərinə görə, son illər dövlət xidmətlərinə elektron çıxış imkanları artıb.

“Azərbaycan ümumi hesabatda biznes mühitinə görə, dünyada 25-cidir. Əmlakın qeydiyyata alınması və digər istiqamətlərdə ilk 20-liyə daxil olub. Elektron xidmətlərdən daha çox istifadə olunması Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə gətirib çıxarıb. Dünya Bankının hesabatında 3 əsas meyardan istifadə olunub ki, bura prosedurların, tələb olunan günlərin və tələb olunan xərclər daxildir. Azərbaycanda hər üç istiqamətdə, xüsusilə də sahibkar üçün həm prosedurların, həm tələb olunan günlərin sayının, həm də xərcin azaldılması istiqamətində atılan addımlar ölkəmizin hesabatda mövqeyinə müsbət şəkildə təsir göstərib. Görülən işlər nəticəsində ölkəmiz ən çox islahatlar aparan 10 ölkə sırasına daxil edilib. Dünya Bankı tərəfindən aparılan təhlillər nəticəsində hazırlanan hesabat Azərbaycanda həyata keçirilən islahatlara beynəlxalq qiymətin verilməsi baxımından vacibdir. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim edilməsinə yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması bir başa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır”-deyə, ekspert qeyd edib.