YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Hazırda Avropanın bəzi ölkələrində miqrant uşaqlar bir çox problemlərlə üz-üzə qalıb

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün İsveçrənin Sürix şəhərində səfərdədir. Səfər çərçivəsində millət vəkili İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti, uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi, miqrant uşaqlara qarşı zorakılığın dayandırılması, Avropadakı qaçqın düşərgələrində dini azlıqlara qarşı diskriminasiya və zorakılıq mövzularında fikir mübadiləsi aparıb, bir sıra görüşlərdə iştirak edib.

Komitə iclasında Sahibə Qafarovanın "Müşayiətsiz və tənha miqrant uşaqların effektiv himayəyə ehtiyacı" mövzusunda məruzəsinin ilk dinləməsi keçirilib. Azərbaycan parlamentinin üzvü məruzə haqqında məlumat verərək bildirib ki, hazırda Avropanın bəzi ölkələrində miqrant uşaqlar bir çox problemlərlə üz-üzə qalıb. Onun sözlərinə görə, miqrant uşaqlar bir sıra hallarda insan alveri və digər cinayətkar qrupların qurbanına çevrilirlər. Bu halların qarşısının alınması, miqrant uşaqların hüquqlarının qorunması üçün onların ciddi müdafiəyə və qəyyumluğa ehtiyacı var.

S.Qafarova xatırladıb ki, Avropa Şurası Nazirlər Komitəsinin 127-ci sessiyasında müşayiətsiz və tənha miqrant uşaqların qəyyumluğu ilə bağlı yeni qaydaların hazırlanması qərara alınıb. Bu qərarın icrası məqsədilə AŞ-nin Uşaq Hüquqları üzrə Xüsusi Komitəsi əsas prinsipləri və təlimatları hazırlamaqdadır: "Bu məruzənin də məqsədi üzv dövlətlərə sözügedən məsələdə yardım etməkdir. Hesab edirəm ki, müxtəlif ölkələrdə mövcud olan təcrübələrin araşdırılmasına ehtiyac var və məruzədə qəyyumluq, qanuni baza, hüquqi nümayəndəlik imkanları, səlahiyyətli orqanların funksiyaları və digər məsələlər yer alacaq. Həmçinin qəyyumluq prosesində qarşıya çıxan çətinliklərə diqqət yetiriləcək, qəyyumların təyin olunmasında vaxt itkisi və bürokratik maneələr kimi məsələlər araşdırılacaq".

 Sahibə Qafarova deyib ki, bəzən qəyyumların təyin edilməsində gecikmələr olur, uşaqlar Avropaya gəldikdən sonra qoruma tələb edirlər. Mühacirət proqramları uşaqlar 18 yaşına çatan kimi tamamlandığından hələ həssas olan miqrant uşaqlar müşayiətsiz və köməksiz qala bilirlər. O, həmçinin digər problemlər və onların həlli yolları ilə bağlı məruzədə geniş təhlillərin və nəticələrin əks olunacağını vurğulayıb.

Səfər çərçivəsində Milli Məclisin deputatı həmçinin qaçqın və miqrant düşərgəsinə baş çəkib, mövcud vəziyyətlə tanış olub.