YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

“Müstəqil siyasət həyata keçirən Azərbaycan regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Ölkəmizin liderliyi ilə reallaşdırılan strateji əhəmiyyətli layihələr yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir, beynəlxalq miqyasda tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Cənub Qaz Dəhlizinin reallaşmasının tarixi hadisə olduğunu deyən millət vəkili əlavə edib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə digər ölkələr və regional əməkdaşlıq, təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir:  “Yəni Avropanın yeni enerji mənbəyi və uzunmüddətli təhlükəsizlik qarantı rolunda çıxış edən “Cənub” qaz dəhlizi layihəsinin mühüm cəhətlərindən biri odur ki, bu layihə bütün tərəfdaş ölkələr üçün strateji əhəmiyyətlidir. Layihədə tərəfdaş ölkələrin maraqlar balansı təmin olunub, bu isə “Cənub” qaz dəhlizi layihəsinin uğurlu perspektivini şərtləndirən əsas amillərdən biridir. Ümumiyyətlə, Azərbaycanın moderatorluğu ilə icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi mühüm tərəfdaşlıq platforması kimi səciyyələndirilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. “XXI əsrin layihəsi” kimi xarakterizə olunan və Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizin sahillərini əlaqələndirən Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Göründüyü kimi, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı yaradıb”

“Azərbaycan enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsinə xüsusi diqqət yetirir, ölkəmizin nefti və qazı müxtəlif yollarla dünya bazarlarına ixrac edilir. XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu sahədəki rolunun qiymətləndirildiyini, Azərbaycanın bu ardıcıl və uğurlu siyasət apardığını diqqətə çatdırdı. Bütövlükdə, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanın yaratdığı tərəfdaşlıq platforması regional və qlobal əməkdaşlığın dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir”,-deyə Malik Həsənov əlavə edib.