YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvü Azərbaycanın milli bayramı ilə bağlı bəyanatla çıxış edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı-Respublika Gününün 101-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.

Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk demokratik, dünyəvi parlamentli respublika qurduğunu və onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqut etməsinə rəğmən qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olduğunu bildirib.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini bildirən Konqres üzvü bəyanatında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynadığını, İsrailin neft istehlakının 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini deyib. O, Azərbaycan ilə İsrail arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın uzun illərdir yəhudi, xristian icmalarının da məskəni olduğunu bildirən Konqres üzvü ölkədəki dini dözümlülüyün Avropa Parlamenti tərəfindən də təqdir edildiyini vurğulanıb.

Daha sonra bəyanatda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Prqoramının fəal üzvü kimi beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycan əsgərlərinin İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlarda ABŞ qoşunları ilə çiyin-çiyinə xidmət etdiyi vurğulanıb. Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına verdiyi töhfə xüsusilə qeyd olunub.

Sonda Konqres üzvü Azərbaycan üzrə İşçi qurpun həmsədri olaraq ölkəmizin müstəqillik, təhlükəsizlik, insan hüquqları və demokratik dəyərlərin gücləndirilməsi istiqamətindəki səylərində Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq ABŞ və Azərbaycan arasındakı tərəfdaşlığın davam etməsi və daha da güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.