YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın iclasında Milli Məclisin vitse-spikeri Bahar Muradova erməni nümayəndə heyətinin taktikasını ifşa edib

Bu dəqiqələrdə Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclası keçirilir. İclasın işində Milli Məclisin vitse-spikeri, ölkə parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Məruzəçi və qətnamənin müəllifi, Kiprdən olan deputat Kiriakos Hadjiyanni komitə üzvlərinə müraciət edərək ayrı-seçkilik, insan alveri, edam cəzası, insan hüquqları və əsas azadlıqlar məsələlərinə toxunub.

Komitə üzrə digər həmkarları ilə yanaşı çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova hazırlanan sənədə görə məruzəçiyə təşəkkürünü bildirib. O qeyd edib: “Biz unutmamalıyıq ki, heç bir haqlar başqalarının hüquqlarının pozulması üzərində həyata keçirilə bilməz. Münaqişə zonasında yaşamış insanlar orada yaşamağa davam edən insanlarla bərabər hüquqlara malikdirlər. Buna müvafiq olaraq, Dağlıq Qarabağdan və Azərbaycanın ona bitişik yeddi rayonundan didərgin salınmış Azərbaycan icmasının təmsilçiləri hazırda orada yaşayan ermənilərlə eyni hüquqlara malikdirlər”. Milli Məclisin vitse-spikeri Ermənistan nümayəndələrinin müxtəlif beynəlxalq tədbirlərdə təcavüz faktını, onların ölkəsi tərəfindən Azərbaycan ərazilərinin beşdəbir hissəsinin işğal olunmasını və erməni tərəfinin törətdiyi hərbi cinayətləri dəfələrlə ört-basdır etməyə cəhd göstərdiklərini həmkarlarının diqqətinə çatdırıb.