YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

"Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin bağlanış mərasimi keçirilib

Avqustun 2-də Yeni Azərbaycan Partiyasının  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  birgə təşkilatçılığı ilə keçirilən "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. M.Babayev bildirib ki, ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır: “Dövlətimizin başçısı İlham Əliyev tərəfindən verilən tapşırıqlar bu sahədə ciddi addımların atılmasını bir tələb kimi qarşıya qoyur. Görülən tədbirlər, eyni zamanda, maarifləndirici xarakter daşıyır. Ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi hər kəsin vətəndaşlıq borcudur”.
M.Babayevin fikrincə, birgə səylərin göstərilməsi, ictimai dəstək qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir. Dünyanın əsas qlobal çağırışlarından olan ekoloji tarazılığın qorunması, ətraf mühitin mühafizəsi kimi məsələlərin həllinə birgə dəstəyimiz əsasında töhfələr vermək faydalıdır. Yeni Azərbaycan Partiyasının böyük potensiala sahib olduğunu deyən nazir qeyd edib ki, müxtəlif ekoloji layihələrin həyata keçirilməsində partiyanın potensialından istifadə olunması yüksək nəticələr verir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı böyük əhəmiyyət kəsb edir. M.Babayev "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin əhəmiyyətini vurğulayaraq gənclərin bu sahədə bilik və təcrübələrini artırdığına inandığını söyləyib. Onun sözlərinə görə, layihə çərçivəsində gənclərə müxtəlif mövzularda təlimlər keçirilib, nazirliyin fəaliyyəti ilə yaxından tanış olublar.

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışında  bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ekoloji mahiyyət kəsb edən layihələr həyata keçirib. Partiya tərəfindən hər il ağacəkmə aksiyalarının keçirildiyini deyən S.Novruzovun sözlərinə görə, ölkəmizdə yaşıllıqların salınması prosesində YAP üzvləri fəal şəkildə iştirak ediblər. 

Siyavuş Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ekoloji mahiyyət kəsb edən layihələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər zaman dəstək verir. “Biz bu istiqamətdəki layihələrimizi birgə əməkdaşlıq şəraitində həyata keçirmişik”, - deyən YAP İcra katibinin müavini buna nümunə olaraq partiya tərəfindən “700 min ağac əkək” layihəsini xatırladıb. Onun sözlərinə görə, bu layihə çərçivəsində Bakı şəhərində böyük yaşıllaşdırma işləri həyata keçirildi. Eyni zamanda, YAP-ın yerli strukturları bölgələrdə ağacəkmə aksiyaları reallaşdırıblar. S.Novruzov deyib ki, partiya tərəfindən yaşıllaşdırma aksiyaları təkcə Bakını deyil, bütün bölgələri əhatə edir.

"Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" yay məktəbinin əhəmiyyətindən danışan S.Novruzov gələcək layihələr haqqında da fikirlərini bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev isə bildirib ki, növbəti birgə tədbir avqustun 9-da keçiriləcək. Belə ki, həmin gün Buzovna çimərliyində iməcilik təşkil olunacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev də  "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" yay məktəbinin əhəmiyyətindən bəhs edib.

Sonda yay məktəbinin iştirakçıları mükafatlandırılıb.

 

DİGƏR Partiya xəbərləri Arxiv