YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirir

“Dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı – dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dünyada həm milli səviyyədə, həm də öz ölkəsinin hüdudlarından kənarda eyni zamanda böyük nüfuz və rəğbət qazanan dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin sayı elə də çox deyil. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini izlədikdə isə məhz bu məqam diqqəti xüsusi cəlb edir - o, Azərbaycan cəmiyyətində insanlara yaxınlığı və insanların ona hədsiz rəğbəti ilə seçilir. Millət vəkilinin sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur: “Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır”.
S.Fətəliyeva həmçinin qeyd edib ki, Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, məşhur siyasətçilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə ediblər. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır. Bütövlükdə, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür.

S.Fətəliyeva onu da deyib ki, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, görkəmli elm və incəsənət xadimlərimizin tanıdılması məqsədinə xidmət edən fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. Onun sözlərinə görə, ölkəmizin və zəngin mədəniyyətimizin təbliğində UNESKO platformasından geniş istifadə olunması təqdirəlayiq haldır: “UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahələrində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyeva təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinin, onun mühafizəsinin təmin olunması, gələcək nəsillərə çatdırılması sahəsində böyük xidmətlər göstərir. Onun zəngin mədəniyyətimizin qorunub saxlanılması və təbliği sahəsində çoxşaxəli fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ayrı-ayrı Avropa ölkələrində, həmçinin İslam coğrafiyasında beynəlxalq əhəmiyyət daşıyan bir sıra abidələr bərpa edilərək onlara ikinci həyat verilib. Cari ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ümumdünya irs obyektlərinin qorunması məsələsində Azərbaycanın xidmətlərinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini təsdiqləyir. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Sessiyada Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qəbul edilən qərar Azərbaycan xalqının dünya mədəniyyətinə xüsusi töhfəsinin beynəlxalq səviyyədə növbəti təsdiqidir”.

 «Xüsusilə qeyd etməliyik ki, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. Bu fikirlər Mehriban xanım Əliyevanın həyat kredosunu tamamilə əks etdirir. Mehriban xanım Əliyevanın müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti - Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini olduqca yüksək dəyərləndirir»-deyə, S.Fətəliyeva vurğulayıb.