YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edib.

Təbrikdə Allahşükür Paşazadənin xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirdiyi vurğulanır. Qeyd olunur ki, o, Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərib.

Təbrikdə deyilir: “Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız. Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır”.

Bildirilir ki, Allahşükür Paşazadənin fəaliyyətində təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğu bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. O, daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirib, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırıb, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərib.

“Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz”, - deyə təbrikdə qeyd olunur.