YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunun Şüvəlan qəsəbəsində xeyriyyə aksiyası keçirilib

Avqustun 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Xəzər rayonunun Şüvəlan qəsəbəsində Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən ailələrlə görüş və xeyriyyə aksiyası keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün ölkəmizdə bütün sahələrdə inkişafın olduğunu, ildən-ilə uğurlarımızın sayının artdığını söyləyib. O vurğulayıb ki, həyata keçirilən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmayıb, hər kəsin hüquqları qorunur. Bu gün həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Komitə sədri bildirib ki, Azərbaycanda aparılan nəhəng quruculuq işləri nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edilib, əhalinin rifahı yüksəlib, paytaxtla bölgələr arasında fərq demək olar ki, aradan qalxıb. Ölkə həyatındakı bu mühüm dəyişikliklərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın müstəsna rolu var. Fond milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafiəsində, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində mühüm layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun dəstəyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Mehriban xanım Əliyeva Azərbaycanın nailiyyətlərini, Qarabağ həqiqətlərini, ölkəmizdə hökm sürən tolerantlığı beynəlxalq aləmdə təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün bütün səylərini göstərir.

Hicran Hüseynova qeyd edib ki, tədbirin Xəzər rayonunda yerləşən Şüvəlan Mərkəzində keçirilməsi təsadüfi deyil. Mehriban xanımın vaxtilə Xəzər rayonundan deputat kimi əhalinin sosial məsələlərinin həllində xüsusi rolu olub, onun əhaliyə göstərdiyi yardımlar, onları maraqlandıran məsələlərlə yaxından məşğul olması, Mərkəzin istifadəyə verilməsində əvəzolunmaz töhfəsi danılmazdır. Bu gün də Xəzər rayonu sakinləri Mehriban xanımın onlara diqqətinin öz üzərilərində olduğunu qeyd edirlər.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı daim xalqımızın üzərindədir. O, Heydər Əliyev Fondunun əhalinin sosial rifahının yaxşılaşması istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. Bu işlərin görülməsində Fondun Prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd edib. Bildirib ki, Mehriban Əliyeva, eyni zamanda, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə artırır. Azərbaycanın multikultural, tolerant siyasətinin dünyada təbliğ olunmasında onun müstəsna xidmətləri var. O, parlaq ictimai xadim olmaqla yanaşı, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Mehriban xanım Əliyevanın siyasi və ictimai fəaliyyətində ümummilli lider Heydər Əliyevin siyasi irsini görmək olur. Mehriban Əliyeva on beş ildir Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması da Heydər Əliyev Fonunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü iş aparılır.

Digər çıxış edənlər Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin nəticələri, insanların rifahının yaxşılaşması istiqamətində görülən tədbirlər barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, aksiya çərçivəsində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən aztəminatlı və həssas təbəqədən olan ailələrə ərzaq yardımları, uşaqlara məktəb ləvazimatları və məktəbli formaları verilib.

 

DİGƏR Xəbərlər Arxiv