YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Birlik kəlməsi türk və Azərbaycan xalqlarının xislətini əks etdirir

“Birlik kəlməsi türk və Azərbaycan xalqlarının xislətini əks etdirir. Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir. Baxmayaraq ki, keçmiş sovet dövründə, 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdir, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır.

Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə dünyada ən yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir.” Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa oyunlarının noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilən təqdimat mərasimində çıxışı zamanı söyləyib.
Birinci xanım Mehriban Əliyeva  qeyd etmişdir ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir. Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində, universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar. Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr, istər enerji sektorunda, istər nəqliyyat sektorunda nəinki bölgə üçün, dünya üçün böyük önəm daşıyır. Türkiyə ilə Azərbaycan TANAP layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə verilən Bakı - Tbilisi – Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq. Bütün bu uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki, Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə gedir. Türkiyə böyük iyirmilərin üzvü olaraq dünya problemlərinin həllinə öz töhfəsini verir.