YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ölkəmizə mühüm dividentlər gətirəcək

“Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatın toplantısının Bakıda keçirilməsi və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisədir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividentlər gətirəcək.

“Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb” deyən deputat fikirlərinə əlavə edib: “Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirakı Ermənistan–Azərbaycan münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub.

“XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq”-deyə, P.Kərimzadə qeyd edib.