YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır

“Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə səsləndirdiyi “sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir” ifadələri bütün Azərbaycan xalqının fikrini əks etdirməklə təcavüzkarlığa qəti etiraz, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ədaləti bərpa etmək üçün bir çağırışdır”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır və bu qiymətləndirilməlidir. Sözsüz ki, insan hüquqlarına, dövlətlərin müstəqilliyinə, ölkələrin inkişafına, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşan, dünyada sülhün, əminamanlığın bərqərar olunmasına, beynəlxalq hüquq normalarının qorunmasına xidmət edən Qoşulmama Hərəkatı bu dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, təcavüzkarlığa, separatizmə, terrora qarşı kəskin qərarlar qəbul edəcək.

“BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi və qarşıdan gələn üç il ərzində təşkilata  sədrliyin Azərbaycana keçməsi çox əhəmiyyətlidir. Bu, ölkəmizin dünyada artan nüfuzunun göstəricisi, həm də inkişafımıza, siyasətimizə, təşkilatçılığımıza verilən qiymətdir. Cənab Prezident də bütün sahələrdə uğurlarımızı səsləndirməklə Azərbaycanın bəşəri ideyalara sadiqliyini, insanlığa hörmətini, öz çıxışı ilə bu görüşdə ifadə etdi”-deyə, T.Rzayev vurğulayıb.