YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev dekabrın 5-də muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Təhsil nazirliklərinə tapşırılıb.

Sərəncamda qeyd olunur ki, dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.