YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA ilə Serbiya Elmlər və İncəsənət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olub. Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti əsasında reallaşan səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
N.Xaydi ilə keçirilən görüşdə Azərbaycan ilə Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilib. Vurğulanıb ki, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün geniş imkanlar var.
Tərəflər iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar.
Səfər çərçivəsində hər iki ölkənin elmlər akademiyalarının prezidentləri tərəfindən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli iclası keçirilib.
İclasda çıxış edən A.Əlizadə Azərbaycanda elm və təhsil sahələrinin inkişafı, qədim tariximiz və zəngin mədəni irsimizlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müvafiq sahələrin inkişafını daim diqqət mərkəzində saxlayır.
Akademik AMEA-da həyata keçirilən islahatlar, gələn il ölkəmizdə keçiriləcək “Bakı – 2015” ilk Avropa Oyunları və 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə hazırlıq işləri barədə də danışıb.
Tədbir çərçivəsində AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalanıb.
Daha sonra Belqrad Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Serbiyanın təhsil sistemi, ali təhsil müəssisəsi ilə AMEA arasında əməkdaşlıq imkanları müzakirə olunub.
AMEA-nın nümayəndə heyəti Serbiyanın elm və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkını ziyarət edərək ümummilli lider Heydər Əliyevin burada ucaldılan abidəsinin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəlinin və Belqrad şəhərinin bombalanması zamanı həlak olan uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoyublar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın ikinci böyük şəhəri, eyni zamanda, elm və mədəniyyət paytaxtı hesab edilən Novi Sad şəhərində də olub. SANU-nun Novi Sad bölməsində elm ictimaiyyəti ilə görüşlər keçirən nümayəndə heyətimizin üzvləri Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilmiş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksini ziyarət ediblər.
Nümayəndə heyətimiz Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Belqrad şəhərində təmir və bərpa edilmiş “Bayraklı Cami” məscid kompleksinə və Novi Sad şəhərindəki “Müqəddəs Petka” kilsəsinə də baş çəkiblər.

DİGƏR Xəbərlər Arxiv