YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Yeni çağırşlar ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır

“Bu gün dünyada bir sıra risklər mövcuddur. Təbii resursların azalması, iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, o cümlədən Azərbaycanı narahat edən problemlərdəndir”. Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün isə ölkələr qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlayıblar. Yeni çağırşlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə bir şəraitdə ölkəmizdə də qlobal çağırışlar, dünyada elmin və təhsilin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsas götürülməli, tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsi ön plana çəkilməlidir.

“Elmi-texniki inkişafın əsas xüsusiyyətləri haqqında danışarkən rəqəmsal istehsal və süni intellektə əsaslanan texnologiyaların tətbiqini xüsusi vurğulamaq istərdim. Hazırda 3 ölçülü printerlərdən tikinti, təbabət və digər sahələrdə istifadə, robototexnika sahəsində yeni tətbiqlər, kibertəhlükəsizlik sistemlərinin inkişaf etdirilməsi, müstəqil idarəedilən avtomobillər artıq fərziyyə deyil, gündəlik həyatın bir hissəsidir. Bərpa olunan enerji mənbələrinin tədqiqi bir çox ölkələr üçün prioritet istiqamətdir. Bu baxımdan növbəti illərdə erkən yaş dövründən uşaqların təhsilə cəlbi, ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılması, müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, o cümlədən təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması, beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”-deyə, nazir vurğulayıb.