YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ötən ilin mühüm hadisələrindən biri TANAP layihəsinin istifadəyə verilməsi oldu

“Ötən il Azərbaycanın uğurlu enerji siyasətinin reallaşdırılması istiqamətində daha bir əlamətdar hadisə baş verdi. 2019-cu il 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına real zəmin yarandı”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq bu ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
“TANAP-ın inşasının tamamlanması ilə ildə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi təmin olunacaq. Bu 16 milyard kubmetr qazın 6 milyard kubmetrini qardaş Türkiyə, yerdə qalan 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. 2019-cu il noyabrın 18-dək TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,23 milyard kubmetrə çatıb. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 90 faizi icra edilib və onun inşasının 2020-ci ildə başa çatdırılması gözlənilir.
Perspektivdə isə respublikamızda yeni yataqların işlənməsi nəzərdə tutulub. “Abşeron” yatağından 300 milyard kubmetr qaz hasilatı gözlənilir. Ölkəmiz digər yataqlardan da “mavi yanacaq” hasil edir, eyni zamanda, səmt qazı alır. Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlandırılan böyük qaz ehtiyatının işlənməsinə də hazırlıq görülür. Azərbaycanı Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizi və onun mühüm seqmentlərindən biri olan TANAP “Şahdəniz”lə yanaşı, digər yataqların da ehtiyatlarının işlənməsində və avropalı istehlakçılara çatdırılmasında mühüm rol oynayacaq”-deyə, R.Əliyev qeyd edib.