YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb

“Bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Bunlarla yanaşı, bu gün Azərbaycan gəncləri müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında, eləcə də özəl sektorda uğurla fəaliyyət göstərirlər”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir. Bu gün dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər.

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb edir. Sərəncamda qeyd edildiyi kimi, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Məlumdur ki, son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə on minlərlə könüllü cəlb olunub və onların əməyi yüksək qiymətləndirilib. Bütövlükdə, həyata keçirilən tədbirlərin fonunda respublikamızda təcrübəli könüllü bazası formalaşıb və Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb”-deyə, S.Orucov qeyd edib.