YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır

“Sovetlər birliyi dağılan ərəfədə ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlayandan bəri bəlkə ilk dəfədir ki, Azərbaycan beynəlxalq arenada Ermənistanı sözün bütün mənalarında nakauta salıb. Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatda Azərbaycan liderinin parlaq çıxışı və dünyanın nüfuzlu media orqanlarında bu haqda səslənən fikirlər bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır. Ermənistan liderinin çıxışı həm də onu göstərdi ki, illərlə yürüdülən yanlış siyasət, Qarabağ naminə özünü dünyadan təcrid prinsipinə üstünlük verilməsi Ermənistanı sözün əsl mənasında miskin duruma salıb. Paşinyanın sözügedən debatda Prezident İlham Əliyevin qarşısında aciz duruma düşməsi reallıq hissini itirən bir ölkənin gələ biləcəyi ən adil durum idi”. Bu fikirləri yap.org.az saytına  “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Ceyhun Ələkbərov deyib.

C.Ələkbərov bildirib ki, xəstə erməni təxəyyülünə dayanan fikirlərlə Azərbaycan Prezidentinin təkzibi mümkün olmayan arqumentlərlə çıxışını müqayisə edəndə Ermənistanın işğalçı siyasətinin yalnız Qarabağ savaşı başlayan dönəmdə regiondakı hərc-mərcliyik sayəsində mümkün olduğu ortaya çıxır. Onun sözlərinə görə, Azərbaycanın siyasi, iqtisadi gücünün ildən ilə artması ərazi bütövlüyümüzün bərpasını sürətlə yaxınlaşdırır.

İctmai Birliyin sədri söyləyib ki, Prezident İlham Əliyevin Münxen çıxışı ilə yalnız Ermənistanın işğalçı siyasətini dünyaya bəyan etmədi, eyni zamanda baş nazir Paşinyana qarşı Ermənistan daxilindəki güclərin birləşməsinə şərait yaratdı: “Paşinyana gəlincə, o, Prezident İlham Əliyevin qarşısında acizliyi ilə həm ölkə və dövlət yönətməyə qabiliyyəti çatmadığını bir daha sübut etdi, eyni zamanda ermənilər içərisində özünə qarşı yeni cəbhə açdı. Bu gün ona qarşı yalnız Ermənistandakı siyasi müxalifət deyil, dünya ermənilərinin ciddi bir hissəsi aktivləşib. Ermənidilli mediada, sosial şəbəkələr üzərindən aparılan müzakirələrdə Nikol Paşinyan sərt şəkildə tənqid edilir, onun tarix, eləcə də ingiliscə bilgilərinin zəifliyi aşağılanır. Paşinyan iqtidarına müxalif politoloqlar bildirir ki, hakimiyyəti təmsil edən şəxsin beynəlxalq arenada baş tutan nüfuzlu bir görüşdə Azərbaycan liderinə açıq-aydın məğlub olması əldə edilən hərbi üstünlüyü kövrəkləşdirir. Sadə ermənilərin ritorikası isə daha kəskindir. Onlar Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi qarşısında açıq məğlubiyyətini erməni xalqına böyük utanc gətirdiyini ifadə edir, belə uğursuz bir şəxsin ölkəyə rəhbərlik etməsinin Ermənistanın gələcəyini üçün böyük təhlükə saydıqlarını dilə gətirirlər. Əminliklə demək olar ki, cənab Prezidentin Münxen çıxışı Ermənistandakı siyasi ortamı bir qədər də xaotikləşdirib. İndi Qarabağ klanı, Serj Sərkisyanın rəhbərlik etdiyi partiya, Paşinyanı ən sərt şəkildə tənqid edən Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, solçu qruplaşması “Sasna-Tser”, eləcə də mühafizəkarlar Serj Sərkisyana qarşı faktiki birləşiblər. Bir zamanlar Paşinyanla bərabər Sərkisyan iqtidarına qarşı mübarizə aparan Zauri Postançiyan kimi radikallar indi eyni ritorika ilə Paşinyanı hədəfə alıb. ABŞ-dakı, Avropadakı erməni lobbilərinin rəhbərlərinin Paşinyana qarşı “hayqırtıları” hər keçən gün daha da yüksəlməkdədir”.

C.Ələkbərovun fikrincə, bu durum onu deməyə əsas verir ki, yay aylarına doğru Ermənistanda iç siyasi durum daha da gərginləşəcək: “Siyasi durumun cəbhədəki duruma təsiri isə şübhəsizdir. Paşinyana qarşı birləşən qüvvələrin onu hakimiyyətdən endirmək üçün cəbhədə süni gərginlik yaratması da gözləniləndir. İstisna deyil ki, siyasi iqtidarı ələ keçirmək istəyən qüvvələr Paşinyanın dönəmində “torpaq itkisi” senarisi quraraq onun iqtidarının ömrünü azalda bilərlər. Azərbaycan bu duruma hazır olmalıdır. Prezident İlham Əliyevin Münhen çıxışından sonra nüfuzlu dövlətilərin Azərbaycanın haqq səsini dəstəkləyən yorumları onu deməyə əsas verir ki, ölkəmizin beynəlxaq məkanda güclənməsi dünya birliyinin Qarabağ düyününün açılmasına ədalət prizmasından yanaşmasını tezləşdirir”.

 

 

DİGƏR Xəbərlər Arxiv