YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Aydaho ştatı Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev martın 5-də ABŞ-ın Aydaho ştatının qubernatoru Brad Little ilə görüşüb.

Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan  bildiriblər ki, görüşdə Azərbaycan ilə Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, elm, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verən baş konsul N.Ağayev Aydaho ştatı ilə ölkəmizin münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Diplomat, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açıb, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini, bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Öz növbəsində, qubernator Brad Little keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin Aydaho ştatı Senatının sədri Brent Hill, Nümayəndələr Palatasında çoxluğun rəhbəri Mike Moyle və onun müavini Jason Monks, ştatın Kənd Təsərrüfatı Departamentinin direktoru Celia Gould, Ticarət Departamentinin direktoru Tom Kealey və digər rəsmilər iştirak ediblər.

Qeyd edək ki, səfər müddətində baş konsul N.Ağayev, həmçinin Aydaho ştatının paytaxtı Boise şəhərinin meri Lauren McNeal, müxtəlif ştatların senatorları və digər rəsmi şəxslərlə də görüşlər keçirib.