YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir

Hazırda dünyanın üzləşdiyi ən böyük problem sərhəd tanımayan koronavirus pandemiyasıdır. Azərbaycan dövləti tərəfindən vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək, onları pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadlardan qorumaq üçün zəruri və qabaqlayıcı addımlar atılır.

Bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir: “Ölkə üzrə 22 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Mart ayında Azərbaycanın regionlarında - Goranboy, Qazax və Şəmkir şəhərlərində 3 yeni xəstəxana açılıb. Bakıda yeni istifadəyə verilmiş 575 çarpayılıq “Yeni klinika” tibb mərkəzi koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Azərbaycanda koronavirus xəstələrinin müayinəsi üçün 70 mindən artıq test aparılıb. İqtisadi, makroiqtisadi və məşğulluq problemlərinin həlli üçün 600 mindən artıq insanı əhatə edən dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Qeyd olunanlar Azərbaycanda həyata keçirilən dövlətin dəstəyinin yalnız bir hissəsidir”.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının ölkəmizin həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və s. layihə və proqramlardan yararlanmasının qarşısının alındığını deyən T.Gəncəliyev bildirib: “Belə ki, bir neçə həftə əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, martın 31-də infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirildi. Bunun ardınca, Ermənistan infeksiyanın yayılmasını etiraf etsə belə, aprelin 14-də yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır. Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir”.

Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunmasının təşkil etdiyini bildirən icma rəhbəri qeyd edib: “Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşayacaq və ölkəmizin vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabərhüquqlu şəkildə yararlanacaqlar”.