YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “İl Nodo di Gordio” beyin mərkəzinin jurnalında Azərbaycandan bəhs edən məqalələr yer alıb

İtaliyanın “İl Nodo di Gordio” beyin mərkəzinin geosiyasətə dair jurnalın növbəti nömrəsində Azərbaycan ilə bağlı məqalələr yer alıb.
Məqalələrdə IV Bakı Beynəlxalq Humanitar Forumu, Azərbaycanda müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər, ölkəmizin beynəlxalq əlaqələri və Dağlıq Qarabağ münaqişəsi təhlil edilir. Vurğulanır ki, Forum dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın iştirakçının qatıldığı, humanitar böhran və multikulturalizm, dinlərarası dialoq kimi aktual məsələlərin müzakirə olunduğu önəmli tədbirdir. Forumun əsas məqsədi növbəti onilliklərdə dinlər və müxtəlif sivilizasiyalar arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır. İtaliya nümayəndə heyətinin də fəal iştirak etdiyi bu tədbir multikulturalizm ənənələrinin geniş yayıldığı Azərbaycanı yaxından tanımaq üçün geniş imkan yaradır.
Jurnalda yer alan digər yazıda isə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərdən bəhs olunur. Vurğulanır ki, Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi heç də təsadüfi deyil. Rəsmi Ankara bu ölkə ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. Hazırda bu iki ölkə arasında təkcə siyasi sahədə deyil, digər sektorlarda da yüksələn xətlə inkişaf edən münasibətlər mövcuddur. Azərbaycan ilə Türkiyə beynəlxalq arenada da bir-birlərinin mövqelərini dəstəkləyir, bir çox məsələlərdə ortaq yanaşma nümayiş etdirirlər. Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox fəal səylər göstərir. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyi zaman Türkiyə Ermənistan ilə diplomatik əlaqələrini kəsdi və sərhədlərini bağladı. Bu ölkənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmazsa, Ermənistan ilə sərhədlərin açılması və əlaqələrin inkişafı mümkün deyil.
Dağlıq Qarabağ münaqişəsinin həllini beynəlxalq aktorların yanaşması kontekstində analiz edən müəllif bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi dünya birliyi tərəfindən qəbul olunmuş bir reallıqdır. Bu problem bir çox mənbələrdə “dondurulmuş münaqişə” adlandırılsa da, əslində dondurulmayıb, sadəcə unudulub. Beynəlxalq birlik məsələnin həllinə biganə yanaşmaqda davam edir.
Jurnalda, həmçinin tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın italyan dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” romanından söhbət açılır. Qeyd olunur ki, italiyalı oxucularda böyük maraq oyadan bu əsərdə müəllif əsasən qədim dövrlərin mifik hekayəti ilə müasir ədəbiyyatın əsas xüsusiyyətlərini bir araya gətirib. Romanda “Dədə Qorqud” hekayətləri öz əksini tapıb.

 

DİGƏR Xəbərlər Arxiv